Hakimiyyət bölgüsü nədir?

Hakimiyyət bölgüsü nədir?

Təsəvvür edin ki, dost-tanışla sivilizasiyadan kənarda, bir adsız adada yaşamaq qərarı verirsiniz. İlk vaxtlar hər şey gözəldir. Təmiz hava, təbiət, azadlıq…

Amma müəyyən vaxtdan sonra dostlarınızla sözünüz çəp gəlir. Mübahisələr, qruplaşmalar yaranır. Kimsə təcrid olunur. Söhbət hətta əlbəyaxaya gəlib çatır.

Təbii ki, belə vəziyyət ürəkaçan ola bilməz. Özünüzdə güc tapıb nizamın təmin edilməsi yollarını axtarmağa başlayırsınız.

Qərara gəlirsiniz ki, aranızdan ən müdrik və ədalətli birini seçib, adadakı hakimiyyətin başına gətirəsiniz.

Qərarların verilməsi, onların icrası, ədalətin təmin olunması və ən əsası ehtiyac yarananda güc tətbiqi bu şəxsə həvalə edilir. Qısaca, siz sabitliyin təmin edilməsi üçün azadlığınızın bir qismini həmin şəxsə təhvil vermiş olursunuz.

Fransız filosof Jan Jak Russo bu münasibətlərə Sosial Müqavilə adı verib.

Gəlin, yenidən qayıdaq adamıza.

Beləliklə, adada nizam təmin olunub və hər şey gözəldir. Sabitlik, ədalət və əmin-amanlıq…

Amma təəssüf ki, hər şey belə asan deyil.

Müəyyən vaxtdan sonra siz anlayırsınız ki, hakimiyyəti etibar etdiyiniz şəxs əlindəki gücü özünün mənfəəti üçün istifadə edir. O, bu barədə şikayət edənləri cəzalandırır, buna göz yumanları isə mükafatlandırır. Qısa zaman ərzində adada olan hər bir şey bu şəxsin nəzarətinə keçir. Ədalətdən əsər əlamət qalmır.

Tarixdə oxşar hallar çox olub. Ona görə də, qədim zamanlardan bəri mütəfəkkirlər hakimiyyətin sui-istifadə edilməsinin qarşısını almaq yollarını düşünüblər.

İndiyədək verilən təkliflər arasında ən işləyi hakimiyyət bölgüsüdür. Bu nəzəriyyəni ilk olaraq ingilis filosof Con Lok irəli sürsə də, müasir formada onu Roma və Britaniya konstitusiyasından ilhamlananan fransız filosof Şarl Lui Monteskyö səsləndirib.

Nədir hakimiyyət bölgüsü?

Bayaq biz dedik ki, adanın başında olan şəxs həm qərarlar qəbul edir, həm onları icra edir, həm də ədaləti təmin edir. Bu onu çox güclü edir. Hakimiyyət bölgüsü ideyası isə həmin üç işi bir-birindən ayırır.

İndi təsəvvür edir ki, adanın başında bir yox, üç fərqli şəxs var. Onlardan biri qərar qəbul edir, ikincisi icra edir, üçüncüsü isə qərarların ədalətli olub olmadığını müəyyən edir.

Real dünyada bu üç şəxs hakimiyyətin üç qanadıdır.

Qərarları verən şəxs qanunverici qanad, icra edən şəxs icraedici qanad, qərarların qanuniliyini müəyyən edən isə məhkəmə qanadıdır.

Müasir demokratik cəmiyyətlər bu bölgü üzərində formalaşıb. Bu yolla hakimiyyət qanadları güc balansı yaradır və hər hansı bir qanadın öz gücündən sui-istifadə etməsinin qarşısını alır.

MƏNBƏ : akinci.org
AÇAR SÖZLƏR : hakimiyyet bolgusu hakimiyyet bolgusu nedir nezeriyye qisa mezmun Şarl Lui Monteskyö

Bir cavab yazın

3 × 1 =